Qazaxıstanda yaşayan diaspor fəalına “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
19 mart, 2024Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qazaxıstan Respublikasında fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədrinin müavini Kəmalə Əliyevanı qəbul edib.
Qonağı salamlayan Komitə sədri Qazaxıstandakı soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının diasporun fəaliyyətinə pozitiv təsirindən danışılıb. Komitənin Qazaxıstanın müxtəlif bölgələrində, eləcə də Aktau, Almatı, Türküstan, Şimkənd və Astanada fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə layihələr həyata keçirdiyi vurğulanıb, icmamızın fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı tövsiyələr nəzərə çatdırılıb.
Kəmalə Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O, bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər. Soydaşımız bundan sonra da hər iki dövlətin milli maraqlarının müdafiəsi, ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun güclənməsi naminə çalışacağını vurğulayıb.
Sonra Kəmalə Əliyevaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Digər xəbərlər