Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb
23 fevral, 2024Qardabani Təhsil və İnteqrasiya Mərkəzində məktəb şagirdləri və Ali məktəb tələbələrinin, rayonun gürcü ictimaiyyətinin iştirakı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Çiçək Hüseynova Ermənistanın apardığı məkrli siyasətdən bəhs edib, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olmasını diqqətə çatdırıb.
Çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. Natiqlər vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşub.
Sonda Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldılmasını əks etdirən video-çarx nümayiş etdirilib.
Xocalı faciəsinə həsr olunmuş tədbirdə "İşgəncələr məbədi-Şuşa həbsxanası" sənədli filmi nümayiş olunub.
Foto qalereya
Digər xəbərlər