Neapol şəhərində Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib
20 sentyabr, 2023İtaliyanın Neapol şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev regional enerji təhlükəsizliyi siyasətinin banisi kimi” mövzusunda beynəxalq elmi konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Neapol-Bakı Assosiyasiyasının təşkilatçılığı ilə baş tutan konfransda Cənub Qaz Dəhlizinin əhatə etdiyi ölkələri təmsil edən beyin mərkəzi rəhbərləri və nüfuzlu tədqiqatçılar iştirak ediblər.
Tədbir görkəmli dövlət xadimi Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb. Film iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Campania Regionunun Prezidentinin Tədqiqat, İnnovasiya və Startaplar üzrə Müşaviri Valeria Fascione də açılış nitqində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Konfrans iştirakçılarını salamlayan Neapol-Bakı Assosiasiyasının rəhbəri Cüzeppe Kanilyo və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov tədbirin Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasının dərindən öyrənilməsinə və təbliğinə dəstək məqsədi daşıdığını bildiriblər.
Sonra konfransda Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov, Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramov, “Gürcüstan üçün Dünya Təcrübəsi” mərkəzinin rəhbəri Murman Marqalaşvili, Türkiyənin Mərmərə Universitetinin professoru Ələddin Yalçınqaya, ABŞ-dan olan beynəlxalq ekspert Viktoriya Bitner çıxış ediblər. Onlar Neapolda xüsusi konfransın keçirilməsini Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun həm elmi, həm də praktiki qiymətləndirilməsi baxımından vacib olduğu, Azərbaycan-İtaliya və Azərbaycan–Avropa İttifaqı münasibətlərində əhəmiyyəti barədə danışıblar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji hədəfli enerji siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətinin beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrildiyini diqqətə çatdırıblar. Azərbaycanın 2020-ci ilin dekabr ayından sonra Avropaya neftlə yanaşı, qaz ixracına başladığını, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizinin, TAP və TANAP kəmərlərinin Cənubi Qafqaz regionunun, Avropa İttifaqının, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinin formalaşmasına misilsiz töhfələr verdiyini, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının xüsusi model olduğunu vurğulayıblar.
Konfrans işini müzakirələrlə yekunlaşdırıb.
Foto qalereya
Digər xəbərlər