Azərbaycan dilinin tədrisi Moldovadakı balaca soydaşlarımızda Şuşanı görmək arzusu yaradıb

24 noyabr, 2022

Azərbaycan dilinin tədrisi Moldovadakı balaca soydaşlarımızda Şuşanı görmək arzusu yaradıb

Kişinyovda fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin nəzdində Azərbaycan həftəsonu məktəbinin yaradılması bu ölkədə yaşayan soydaşlarımızın övladlarının doğma dilimizə və ölkəmizə marağını çox artırıb.

Bu barədə məlumat verən məktəbin müəllimi Səidə Səfərova bildirib ki, bu ilin avqustundan fəaliyyət göstərən tədris ocağında yaş kateqoriyasına uyğun olaraq iki qrup yaradılıb. Hər şənbə günü 2 saat ərsində 30-dan çox məktəbliyə Azərbaycan dilini, mədəniyyətini və musiqisini əhatə edən fənlər tədris olunur.

S.Səfərova məktəbin “Azərbaycan dili” dərs vəsaiti və milli geyimlərlə təmin olunmasına görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. 

Nəzərə çatdırıb ki, tarixi vətənlərini heç vaxt görməyən, məktəbə gələnə qədər doğma dilimizdə danışmağı bacarmayan Azərbaycan əsilli uşaqlarda vətənpərvərlik hissinin oyanması adamı qürurlandırır: “Qarabağın işğaldan azad olunması barədə məlumat verildikdən sonra uşaqlarımızda ölkəmizi görmək həvəsi yaranıb. Onlar xüsusilə də Şuşaya səfər etmək istəyirlər. Bu yaxınlarda Şuşanın tarixi, qədim şəhərimizdə anadan olmuş tarixi şəxsiyyətlərimiz və Qarabağın azadlıq rəmzinə çevrilmiş “Xarı bülbül” çiçəyi haqqında təqdimat hazırladılar. Hətta məktəbin Şuşaya səfəri gerçəkləşdirə bilib-bilməyəcəyi, dərslərdə milli geyimdə oturmağın mümkün olub-olmadığı barədə suallar verirlər”. 

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Baramov bildirib ki, Kişinyovda Azərbaycan Mədəniyyət Mərkəzinin və ya Azərbaycan Evinin açılması məqsədəuyğun olardı. Çünki Moldova Azərbaycanlıları Konqresi və Azərbaycan həftəsonu məktəbinin ayrı-ayrı məkanlarda fəaliyyət göstərməsi böyük çətinlik yaradır: “Hamımız bir mərkəzdə toplaşsaq çox yaxşı olar. Bu, həm soydaşlarımızın şəbəkələşməsini gücləndirər, həm də məktəb şagirdlərinin sayının daha da artmasına gətirib çıxara bilər”. 

Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında diaspor təşkilatlarına xaricdə Azərbaycan dilinin təbliği məqsədilə Azərbaycan həftəsonu məktəblərinin sayının artırılması ilə bağlı tövsiyəsini səsləndirib. Dövlət başçımızın bu tövsiyəsini öz fəaliyyətində nəzərə alan diaspor təşkilatlarından biri də Moldova Azərbaycanlıları Konqresi olub. 

Real TV-nin Kişinyovda fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbindən hazırladığı reportajı aşağıdakı linkdən izləmək olar:

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər