Azərbaycan Diaspor Gəncləri platforması 20 Yanvar faciəsini müzakirə edib
24 yanvar, 2023Azərbaycan Diaspor Gəncləri (ADG) platformasının Azərbaycan tarixinin ən şərəfli və qanlı səhifələrindən olan 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş videogörüşü keçirilib.
Tədbirdə 30-dan çox ölkədə yaşayan 60-dan çox diaspor gənci ilə yanaşı, Azərbaycan Macarıstan Məzunları Birliyinin üzvləri də iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Emin Rüstəmov xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərini, o cümlədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin Bakıda dinc sakinlərə qarşı törətdiyi hərbi cinayəti dünya ictimaiyyətinə çatdırmasının əhəmiyyətindən söz açıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova, Türkiyənin Bayburt Universitetinin dosenti Ramin Sadık və Əskişəhər Azərbaycanlıları Dərnəyinin sədr müavini Sirac Yaqubov 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti və həmin dövrdə beynəlxalq arenada baş verən proseslər haqqında danışıblar. Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən və qətiyyətindən söz açan natiqlər xalqımızın birliyinin bir çox keçmiş SSRİ respublikaları üçün nümunə olduğunu vurğulayıblar. Görüş iştirakçılarına Azadlıq hərəkatının müasir tariximizdəki əhəmiyyəti, eləcə də Azərbaycan dövlətinin 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirməsi və bu faciəyə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü tədbirlər barədə məlumat verilib.
Tədbirin sonunda diaspor gənclərinin 20 Yanvar faciəsi, onun təsirləri və yaratdığı reallıqlar barəsində sualları cavablandırılıb.
Digər xəbərlər