Türkmənistandakı soydaşlarımız ağacəkmə aksiyası təşkil edib

19 aprel, 2024

Türkmənistandakı soydaşlarımız ağacəkmə aksiyası təşkil edib

Yaz fəslinin gəlişi münasibətilə Türkmənistanda yaşayan soydaşlarımız həmişəyaşıl ağacların və qızılgül kollarının əkilməsi məqsədilə ekoloji aksiya keçirib. Aksiya Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun başlatdığı yaşıllaşdırma kampaniyası çərçivəsində baş tutub.

Bu təşəbbüs ətraf mühitin mühafizəsi və yaşıllaşdırılmasına, abadlıq-quruculuq işlərinə, ekoloji mədəniyyətin təbliğinə xüsusi diqqət yetirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunub. Heydər Əliyev adına bağın salınması üçün xüsusi hazırlanmış ərazidə Türkiyədən gətirilmiş 60-a yaxın həmişəyaşıl şümşad ağacı və 20 ədəd holland qızılgül kolu əkilib.

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin dəstəyi ilə keçirilən aksiyanın təşəbbüskarı, Türkmənistanın “Xəzər Yollar” şirkətinin təsisçisi Qaşım Səftərov  bildirib ki, Aşqabadda yaşıl vahə yaratmaqla humanizmi, vətənpərvərliyi və insanpərvərliyi ilə tanınan Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək  nəzərdə tutulur. Qaşım Səftərov Ümummilli Liderin xatirəsinin Türkmənistanda  daim ehtiramla yad edildiyini, türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun xeyir-duası və Azərbaycan Respublikasının Səfirliyinin dəstəyi ilə türkmən dilinə çevrilmiş “Görkəmli insanların həyatı” seriyasından “Heydər Əliyev” kitabının 2010-cu ildə Türkmənistanın Dövlət Nəşriyyat Xidmətinin nəşr olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, Aşqabadda Heydər Əliyev adına bağın yaradılması təşəbbüsü Türkmənistan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun və qardaşlığının rəmzidir. Norveçdən gətirilmiş qazon və gecə işıqlandırması, müasir suvarma sistemi ilə abadlaşdırılan ərazinin yaşıl vahəyə çevrilməsi Ümummilli Liderin daim diqqətdə saxladığı ekoloji maarifləndirmə və təbiətə hörmət ideyalarının təcəssümü kimi qiymətləndirilə bilər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər