Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib
16 may, 2024Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində tədbir keçirilib.
Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərkəzin sədri Leyla Əmrahova tədbiri giriş sözü ilə açıb. O, Heydər Əliyevin siyasi fəaliyyəti, Gürcüstana olan isti münasibətindən danışaraq, təməli Ulu Öndər tərəfindən qoyulmuş Gürcüstan-Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətləri haqqında geniş məlumat verib.
Tədbirdə iştirak edən Diasporla üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəşad Məmmədov Ulu Öndərin həyatı, iki ölkə arasındakı dostluq, qardaşlıq, ikitərəfli tərəfdaşlıq münasibətlərinin yaranmasındakı müstəsna rolundan bəhs edib.
“Qanun” Hüquqi Yardım Mərkəzinin rəhbəri Əli Bədirov Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi diqqət yetirdiyini, məhz bunun nəticəsində bu gün ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nəzərə çatdırıb.
Daha sonra Mərkəzin tələbə və şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında sual-cavab müsabiqəsi keçirilib və qaliblərə xatirə hədiyyələri verilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş film göstərilib.
Tədbirdən sonra Mərkəzin üzvləri, tələbə və şagirdləri Ümummilli Lider Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Foto qalereya
Digər xəbərlər