Qars və İğdır şəhərlərində Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib

30 oktyabr, 2023

Qars və İğdır şəhərlərində Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyləri çərçivəsində Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov qardaş ölkəyə səfər edib.

Komitə sədrinin müavini öncə Qars şəhərində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini böyük ehtiramla ziyarət edib. Sonra Qars Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Təhsil Mərkəzi”ndə həmin universitetin azərbaycanlı müəllim və tələbə heyəti ilə görüşüb.

Elə həmin gün Qarsda Türkiyə-Azərbaycan İş Adamları Birliyinin üzvləri ilə görüş keçirilib.

Daha sonra İğdır şəhərində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Türkiyədə xatirələrdə Heydər Əliyev” adlı rəsm, şeir və kompozisiya müsabiqəsi ilə bağlı tədbirdə iştirak edib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Tədbirdə İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar, Komitə sədrinin müavini Vaqif Seyidbəyov, İğdır valisi Ercan Turan, Türkiyənin Naxçıvandakı baş konsulu Asib Kaya, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və başqaları çıxış ediblər. Natiqlər müasir Türkiyənin və Azərbaycanın dövlət quruculuğu tarixində Mustafa Kamal Atatürkün və Heydər Əliyevin göstərdikləri misilsiz xidmətlərdən danışıblar. Ölkələrimizin bu böyük öndərlərin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “bir millət, iki dövlət” kəlamlarına uyğun hərəkət etdikləri, İkinci Qarabağ savaşı və 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirləri zamanı bu birliyin bir daha bütün dünyaya nümayiş etdirildiyi nəzərə çatdırılıb.

Sonra Mustafa Kamal Atartürk və Heydər Əliyev haqqında qısa film təqdim edilib, Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illik yubileylərinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Fotosərgi Diasporla İş üzrə Dövlət Komitəsinin, İğdır Bələdiyyəsinin və İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

Səfər çərçivəsində İğdır Azərbaycan Evində soydaşlarımız, diaspor təşkilatları rəhbərlərinin və ictimaiyyətin nümayəndələri ilə görüş keçirilib, İğdır şəhərində yerləşən Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanışlıq olub.

Vaqif Seyidbəyov İğdır valisi Ercan Turan və millət vəkili Cantürk Alagözlə birlikdə Cümhuriyyətin 100 illiyi münasibətilə İğdırda “Fənər yürüşü”ndə iştirak edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər