Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

10 may, 2023

Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İki qardaş ölkə – Azərbaycan və Özbəkistan” sərlövhəli məqalə dərc olunub.

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədovun qələmə aldığı məqalədə qardaş ölkədə yaşayan azərbaycanlıların dahi şəxsiyyət Heydər Əliyevlə fəxr etdikləri bildirilib. Ölkələrimiz arasında münasibətlərin uzun, möhkəm, sarsılmaz köklərə malik olduğu, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Özbəkistanda hər zaman böyük ehtiramla xatırlandığı vurğulanıb. Qeyd edilib ki, Heydər Əliyevin özbək həmkarları Şərəf Rəşidovla və İslam Kərimovla yaxın münasibətləri və dostluq əlaqələri bir çox mürəkkəb məsələlərin həlli, ən əsası, Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi ilə nəticələnib: “İndiyədək sağ olan tərəfdaşları fəxrlə deyirlər ki, Heydər Əliyev həmişə, bütün hallarda Özbəkistandan danışır və onu hər yerdə dəstəkləyirdi. İslam Kərimov müasir müstəqil Azərbaycanın təşəkkülündə və möhkəmlənməsində Heydər Əliyevin rolunu yüksək qiymətləndirir və onun şəxsi keyfiyyətlərinə rəğbətini gizlətmirdi”.

Müəllif nəzərə çatdırıb ki, hazırda Heydər Əliyevin arzu və ideyaları həyata keçirilir: “Müstəqil Azərbaycan dünya dövlətləri arasında inamla irəliləyir, öz köklərini, tarixi keçmişini, zəngin mədəniyyətini qoruyub saxlayır və türk ölkələri, o cümlədən Özbəkistanla bu tarixi dostluğu və əməkdaşlığı uğurla davam etdirir. İki ölkənin xalqları Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iki dövlət arasında əlaqələrin yüksək səviyyəyə çatmasında müstəsna xidmətlərini yüksək qiymətləndirirlər”.

Məqalədə Azərbaycanın dövlət başçısının Türk Dövlətləri Təşkilatının Daşkənddə keçirilmiş zirvə toplantısında çıxışına geniş yer verilib, rəsmi Daşkəndin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, xalqlarımızın ortaq tarix, mədəniyyət, milli adət və ənənələr, dil və din baxımından bir-birinə yaxınlığı, keçən əsrin 30-cu illərində kütləvi repressiya vaxtlarında on minlərlə azərbaycanlının Özbəkistana sürgün edilməsi və burada özünə sığınacaq tapdığı, 40 mindən çox azərbaycanlının Özbəkistanın elm, mədəniyyət, sosial-iqtisadi və humanitar sahələrində fəal iştirak etdiyi barədə ətraflı məlumat verilib.

Nəzərə çatdırılıb ki, Özbəkistanda yaşayan bütün milli diasporlar milli mədəniyyət mərkəzlərinə malikdir, Azərbaycan diasporu da sərbəst və fəal şəkildə öz fəaliyyəti ilə məşğul olur.

Bu ilin may ayında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yaradılmasının 20 illiyi münasibətilə yubiley tədbirinin keçiriləcəyinə, Azərbaycandan çoxlu sayda qonaqların bu tədbirə dəvət edildiyinə diqqət cəlb olunub.   

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər