Özbəkistanda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

26 may, 2023

Özbəkistanda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə “Wyndham Tashkent” hotelində rəsmi qəbul və bayram tədbiri  keçirilib.

Tədbirdə Özbəkistan baş nazirinin müavini Cəmşid Xocayev, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət nümayəndələri, çoxsaylı səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız və jurnalistlər iştirak ediblər. 

Tədbirdə ilk öncə «Azad və çiçəklənən Azərbaycan» adlı foto sərgi təqdim olunub. Sərgidə müstəqil Azərbaycanın nailiyyətləri, ulu öndər Heydər Əliyev və ölkəmizin turizm imkanlarına dair fotoşəkillər yer alıb. 

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun qısa müddətdə gördüyü çoxsaylı işlərdən danışıb. O, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdiyini söyləyib. O, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən söz açıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmizin öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdirdiyini bildirib.

Səfir Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının şanlı Ordumuz tərəfindən azad edildiyini bildirib, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistanı Azərbaycan üçün dost-qardaş ölkə kimi xarakterizə edərək, regionda və beynəlxalq arenada daim dövlətlərimizin bir-birini yaxından dəstəklədiyini vurğulayıb. O, ölkə başçılarımızın səyləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Komitə sədri Özbəkistanda qırx mindən çox soydaşımızın yaşadığını bildirərək, onların qardaş ölkənin ictimai həyatında yaxından iştirak etdiklərini vurğulayıb. 

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı «Azərbaycan suitasını» ifa edib, Özbəkistanın xalq artisti Fərrux Zakirov Azərbaycan və özbək dillərində mahnılar səsləndirib.

Sonra qonaqlara ziyafət verilib, Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər