Özbəkistan Dövlət Televiziyasında Azərbaycanın Qarabağ bölgəsindən bəhs edən reportaj təqdim edilib

6 sentyabr, 2023

Özbəkistan Dövlət Televiziyasında Azərbaycanın Qarabağ bölgəsindən bəhs edən reportaj təqdim edilib

Özbəkistan Dövlət Televiziyasının “Manbalar sozlaganda” (“Mənbələr söyləyəndə”) proqramında Azərbaycanın işğaldan azad olunmuş Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunmuş reportaj yayımlanıb.  

Tanınmış özbək jurnalisti Dildora Həsənovanın reportajında Ermənistanın 30 illik işğalından qurtulmuş Azərbaycanın Qarabağ bölgəsindəki erməni vandalizminin dərin izləri, torpaqlarımızda Ermənistan tərəfindən yaradılmış mina təhlükəsi, postmüharibə dövründə Azərbaycan dövlətinin sürətlə həyata keçirdiyi bərpa-yenidənqurma layihələri və azərbaycanlıların doğma yurdlarına böyük qayıdışı barədə ətraflı məlumat verilib.

Reportajda Ağdam şəhəri Yaponiyanın Xirosima şəhəri ilə müqayisə olunub, Füzuli rayonunun və kəndlərinin tamamilə məhv edilmiş mənzərəsi nümayiş etdirilib. Özbək jurnalisti qarşılaşdığı mənzərənin nə qədər dəhşətli olduğunu, təkcə tarixi-mədəni-dini memarlıq abidələrinin, yaşayış binalarının, mülki infrastrukturun deyil, təbiətin də erməni işğalçıları tərəfindən məhv edildiyini seyrcilərin nəzərinə çatdırıb.

Müharibədən sonra qısa müddət ərzində tikilmiş Ağdam Konfrans Mərkəzinə, Füzuli Beynəlxalq Aeroportuna, Özbəkistan dövlətinin vəsaiti hesabına Füzuli şəhərində inşa edilmiş Mizrə Uluqbəy adına 1 saylı orta məktəbə və bu şəhərdə aparılan tikinti işlərinə diqqət cəlb edilib.

Özbək jurnalisti mədəniyyət paytaxtımız Şuşanı dünyanın ən gözəl təbiətə malik bölgələrindən biri adlandırıb, yenidənqurma işlərindən sonra Laçın şəhərinin müasir standartlara uyğun görkəmini göstərib və 30 ildən sonra doğma yurduna qayıdan 46 yaşlı Azərbaycan vətəndaşının sevinc dolu fikirlərinə yer verib.  

Qeyd edək ki, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə bir qrup özbək jurnalisti növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Səfər çərçivəsində reportaj və verilişlər hazırlanıb. Mərkəzin hər il ölkəmizə media-turlar təşkil etməsi nəticəsində Özbəkistanın kütləvi informasiya vasitələrində Azərbaycana həsr olunmuş silsilə reportajlar, verilişlər və sənədli filmlər nümayiş etdirilir.

Dildora Həsənovanın reportajını aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=hshDvvFnkxE&t=2s

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər