Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib

27 fevral, 2024

Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib

ABŞ-nin Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib.

Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Mayami şəhər şurasının  sədri Oliver G.Gilbert şuranın idarə heyətinin üzvləri  Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.  Bəyannamədə deyilir ki, Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib və dinc əhaliyə qarşı dəhşətli qətliam törədib. Bəyannamədə 600-dən çox insanın amansızlıqla qətlə yetirildiyi, mindən çox insanın əsir götürüldüyü qeyd olunub. Azərbaycan icmasına ünvanlanmış bəyannamədə beynəlxalq insan hüquqları təşkilatı olan “Human Rights Watch”un Xocalı faciəsini regionda baş vermiş ən dəhşətli qətliam hesab etdiyi vurğulanıb. Bəyannamə müəllifləri Mayami-Deyd dairəsi adından fevralın 26-nı Xocalının Anım Günü elan ediblər. Bəyannamə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovaya təqdim edilib.

Qeyd edək ki, 2006-ci ildə Mayamidə  yaradılmış Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) Azərbaycan tarixi, mədəniyyəti və həqiqətlərinin Amerikada təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər