Gürcüstanda azərbaycandilli məktəblərin şagirdləri arasında “Ana dilimiz varlığımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
7 iyun, 2024Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri Ələddin Qarabağlının təşkilatçılığı, Marneulidəki “Azərbaycan Evi”nin dəstəyi ilə azərbaycandilli məktəblərin şagirdləri arasında “Ana dilimiz varlığımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Dilçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsində Gürcüstanda fəaliyyət göstərən 116 azərbaycandilli məktəbdən 67-nin şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov akademik Mədəd Çobanovun yaradıcılığından söz açıb. O bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri ana dilimizi – Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.
Daha sonra Ələddin Qarabağlı çıxış edərək bildirib ki, Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən 116 məktəbdən 88-i sırf azərbaycandilli məktəbdir. Ələddin Qarabağlı belə müsabiqələrin davamlı olacağını və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb.
Tədbirdə, həmçinin Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, yazıçı-publisist Əli Abbas, müəllimlərdən Qazax Abdullayev, Fatma Əliyev, Abayat Qurbanova, Esmira Ələkbərli, Gürcüstanın Əməkdar müəllimi İslam Məmmədov və başqaları çıxış edərək Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.
Çıxışçılar belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib, şagirdlərə uğurlar arzulayıblar.
Tədbirin sonunda qaliblərə hədiyyələr, diplom və sertifikatlar təqdim olunub.
Foto qalereya
Digər xəbərlər