“Azərbaycanı tanıyaq” layihəsi Daşkənddəki Britaniya məktəbinin şagirdlərinə təqdim olunub

30 mart, 2023

“Azərbaycanı tanıyaq” layihəsi Daşkənddəki Britaniya məktəbinin şagirdlərinə təqdim olunub

Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “British School” beynəlxalq məktəbinin müəllim-tələbə heyəti üçün “Azərbaycanı tanıyaq” layihəsinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən məktəbin müəllim-şagird heyətinə öncə qurumun fəaliyyət istiqamətləri, buradakı Heydər Əliyev, Azərbaycan tarixi və Azərbaycan-Özbəkistan Dostluq muzeyləri haqqında ətraflı məlumat verilib. Qonaqlar böyük maraqla Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, xalq sənətkarlığını və adət-ənənələrimizi əks etdirən guşələr, eksponat və maketlərlə tanış olublar.

Konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Samir Abbasov qonaqları Novruz bayramı münasibətilə təbrik edib. Azərbaycan-Özbəkistan dostluğu, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti,  incəsənəti, poeziyası və dövlətimizin qazandığı nailiyyətlər haqqında danışıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində Ermənistan işğalından azad edilən Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya diqqəti yönəldən mərkəz direktoru nəzərə çatdırıb ki, qədim şəhərimiz 2023-cü il üzrə türk dünyasının mədəniyyət paytaxtı seçilib.

Sonra mərkəzin layihəsi əsasında hazırlanmış “Azərbaycanı kəşf et” adlı sənədli film və bədii proqram təqdim edilib. Konsertdə mərkəzin rəqs ansamblı, Özbəkistanın dünyaca məşhur “Özbəyim yoşları” musiqi qrupu, tanınmış saz ustası İlham Abdullayev çıxış ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər