ABŞ-də Azərbaycan futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçirilib
22 may, 2024ABŞ-nin Nyu York şəhərində əfsanəvi Azərbaycan futbolçusu və məşqçisi Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş 10-cu turnir keçirilib.
Turnir SSRİ idman ustası, “Kəpəz”, “Neftçi” və “Qarabağ” komandalarının veteran futbolçusu, Anatoli Banişevskinin yetirməsi Arif Zərbailovun təşəbbüsü, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası, Nyu York İdman Veteranları Assosiasiyası və "My Way" Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirdə Nyu Yorkun futbol akademiyaları və “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin uşaq futbol komandası iştirak edib. Yarışda 1-ci yeri “Dinamo” (Tbilisi), 2-ci yeri Nyu Yorkun “Kosmos” komandası, 3-cü yeri “Neftçi” komandası tutub.
Turnirin sonunda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, Nyu York İdman Veteranları Assosiasiyasının sədri Eduard Luçin, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının prezidenti Elgün Xanoğlanlı turnirin qaliblərini kubokla, iştirakçılarını isə Anatoli Banişevskinin təsviri olan medallarla təltif ediblər.
Xatırladaq ki, turnirin fəxri qonaqları arasında Azərbaycanın veteran futbolçusu, “Neftçi” komandasının qapıçılarından olmuş Əsəd Əliyev də yer alıb.
Anatoli Banişevskinin xatirəsinə və dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş futbol turnirinin növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.
Foto qalereya
Digər xəbərlər