...

Bursa şəhərində ulu öndər Heydər Əliyev yad edilib

14.05.2022

Türkiyənin Bursa şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Gələcəyin İnsanları – Gələcəyin Məkanı” Dərnəyinin (GİM AZDER) təşkilatçılığı ilə Heydər Əliyev adına parkda baş tutan tədbirdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müxtəlif icmaların nümayəndələri, iş adamları və soydaşlarımız iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Türkiyə və Azərbaycan bayraqları, Mustafa Kamal Atatürkün məşhur “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarı ilə bəzədilmiş parkda yerləşən büstünü ziyarət ediblər. Büstün önünə Yıldırım rayon Bələdiyyəsi və Bakı şəhərinin Abşeron rayon Bələdiyyəsi adından əklil qoyulub.

GİM AZDER-in rəhbəri Hüseyn Vəliyev, iş adamı Yavuz Keleş və başqaları çıxış edərək, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün canlı şahidləri olduqlarını vurğulayıblar. Onlar dahi şəxsiyyətin yorulmaz və fədakar fəaliyyətindən, Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafına misilsiz xidmətlər göstərdiyindən danışıblar. Bildirilib ki, məhz Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin sayəsində Azərbaycan-Türkiyə əlaqələri bütün dünya ölkələrinə nümunəyə çevrilib.