Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Dünya Azərbaycanlılarının Zəfər Qurultayında çıxışı

25.04.2022

22 aprel 2022-ci il, Şuşa şəhəri

Hörmətli xanımlar və cənablar!
Əziz Qurultay iştirakçıları!

Dünya azərbaycanlılarının bu ali məclisində tarixi zəfərimizin təntənəsi olan Şuşada hər birinizi ürəkdən salamlayıram!

Qürur hissi ilə çıxışıma Vətən müharibəsinin trimfu sayılan Şuşanın azad olunması münasibətilə müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan xalqına sözləri ilə başlamaq istəyirəm: “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”                                                                                  
Əziz həmvətənlərimiz! Bu gün dünya azərbaycanlılarına dövlətimizin və ölkə rəhbərliyinin diqqət və qayğısını ifadə edən Zəfər qurultayının məhz burada, Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi milli həmrəyliyimizin, xalqımızın qüdrətinin və dövlətimizin gücünün göstəricisi olmaqla, Azərbaycan diasporu üçün əlamətdar tarixi hadisədir. Xüsusilə vurğulamaq istəyirəm ki, V Qurultayın məhz Şuşada keçirilməsi cənab Prezidentin təşəbbüsüdür. Dünya azərbaycanlıları adından bu qüruru bizə yaşatdığına görə müzəffər Ali Baş Komandanımıza, şanlı Azərbaycan ordusuna, qəhrəman şəhidlərimizə və qazilərimizə bir daha minnətdarlığımızı bildiririk.  

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dünya Azərbaycanlılarının Qurultayı artıq ənənə halını almışdır. Ümummilli liderin dillər əzbərinə çevrilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri ilə tarixə düşən I Qurultayda Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində əsas vəzifələr müəyyənləşdirilmiş və bunun əsasında Azərbaycan diaspor siyasəti formalaşdırılmışdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar vətənimizin müdafiəsi və inkişafı uğrunda cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirirlər. Bu gün burada, V qurultayda Kanadadan Avstraliyayadək, Yaponiyadan Çiliyədək, İslandiyadan Nigeriyayadək 65 ölkədən 400 nəfər nümayəndə iştirak edir.

Əziz qurultay iştirakçıları, Vətənə xoş gəlmisiniz!  

Dəyərli həmkarlar!

Azərbaycan diasporuna dövlət qayğısı

Dünya Azərbaycanlılarının IV Qurultayından ötən dövr ərzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti vahid proqram çərçivəsində həyata keçiririlmişdir. Bu dövr ərzində fəaliyyətimizin ana xəttini Dünya Azərbaycanlılarının IV Qurultayında Dövlət Başçımızın tövsiyə və tapşırıqları təşkil etmişdir. Həmin meyarlar diqqətdə saxlanılmaqla, Azərbaycan diaspor təşkilatlarının təşəbbüs və təklifləri nəzərə alınmaqla 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanmışdır. Dövlət Komitəsi dünya azərbaycanlılarının fəaliyyətinin azərbaycançılıq ideologiyası ətrafında əlaqələndirilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası və digər istiqamətlərdə ardıcıl fəaliyyət göstərmişdir. Diaspor təşkilatları arasında birliyə nail olunması üçün əlaqələr intensivləşdirilmiş və gücləndirilmişdir.

Ötən dövr ərzində Dövlət Komitəsinin qarşısına qoyulan məqsəd və vəzifələrə uyğun olaraq müxtəlif ölkələrdə fəaliyyətdə olan diaspor təşkilatları tərəfindən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər həm Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə, həm də yerli diaspor qurumlarının öz gücü ilə təşkil olunmuşdur. Bütün hallarda tədbirlərin geniş əhatəli və yüksək səviyyədə keçirilməsinə, xaricdəki soydaşlarımızın təşkilatlanmasına və gənclərin diaspor fəaliyyətinə cəlb olunmasına xüsusi diqqət yetirilmişdir.

Dövlətin diaspor siyasətinə diqqət və qayğısının bariz nümunəsi kimi cənab Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılmışdır. Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərmiş, 100-dən çox layihəni maliyyələşdirmişdir.

2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunmuşdur. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilmiş və qurum “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur.

Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi işlənilir, hazırda digər dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər həyata keçirmək, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənmək və həllinə dair Azərbaycan Respublikasının dövlət strukturları vasitəsilə müvafiq xarici dövlətlər qarşısında təkliflər irəli sürülmüşdür. Müxtəlif ölkələrdə azərbaycanlıların yüksək mövqelərə nail ola bilmələri və onların yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynamaları üçün müvafiq qanunvericilik çərçivəsində Azərbaycan diaspor təşkilatları tərəfindən dəstək göstərilmişdir. Bir sıra ölkələrdə mer, bələdiyyə, digər yerli seçkili orqanlara, parlamentlərə namizədlikləri irəli sürülən soydaşlarımıza Azərbaycan icması öz köməyini əsirgəməmişdir.

Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın sayının dəqiqləşdirilməsi və şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi məqsədilə işçi qrupu yaradılmış və onların elektron qeydiyyatı üçün müvafiq qurumlarla birlikdə xüsusi sistem hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən xaricdə yaşayan cümhuriyyət varisləri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuşlar.

Xaricdə yaşayan soydaşlarımızı diaspor fəaliyyətində iştirak etməyə təşviq etmək, eləcə də xaricdə Azərbaycan həqiqətlərinin yayılması, tarix və mədəniyyətimizin təbliği üçün böyük əmək sərf edən azərbaycanlıların mükafatlandırılması məqsədilə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilmişdir.

Diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub-saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şəkidə I Yay Düşərgəsi, Nəsiminin 650 illik yubileyi münasibətilə Şamaxıda II Yay Düşərgəsi, Brüssel şəhərindəAzərbaycan Diaspor Gənclərinin Qış Məktəbi, Almaniyadakı Azərbaycanlı Həkimlərin I Forumu təşkil olunmuş, “Diaspor Könüllüləri”, “Liderliyin İnkişafı”, “Diaspor Gəncləri 1+1”, “Beyin qazanma” proqramı, Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”, “Müxtəlif olsaq da, birlikdə güclüyük” və “E-akademiya” layihələri həyata keçirilmişdir. Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılmışdır.

Diaspor fəaliyyəti yeni inkişaf mərhələsində
Strateji Yol xəritəsində müəyyən edilmiş başlıca məqsəd Azərbaycan diasporunun birliyinə nail olunması, ümumi maraqların üstün tutulması və sistemli işin təşkil edilməsi olmuşdur. Səfirlik və konsulluqlarla birgə fəaliyyətə diqqət yetirilmişdir. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılmışdır. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli həyata keçirilmişdir.

Bu istiqamətdə effektiv işlərdən Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması olmuşdur. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurasının hədəfi yerli, regional fəaliyyətin gücləndirilməsi və beynəlxalq təşkilatlar yanında müşahidəçi statusa yiyələnməkdir. 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi isə xaricdə milli atributumuz kimi, maddi-mənəvi dəyərlərimizi təbliğ etdirməklə, sosial-mədəni məkan rolunu oynayır. Azərbaycan evləri bir ocağa çevrilmişdir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutmuşlar.

Beynəlxalq sahədə əməkdaşlıq və perspektiv imkanlar

Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələrin inkişafına və xarici ölkələrin təcrübəsinin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Bu xüsusda Türk dövlətləri Təşkilatına üzv olan ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq dərinləşdirilmiş, bir sıra sənədlər imzalanmış, çoxsaylı tədbirlər keçirilmişdir. Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılışı olmuşdur. Eləcə də Berlin və  Nyu-York şəhərlərində Türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilmişdir.

Türkiyə, Rumıniya, Macarıstan, İsrail, Qazaxıstan, İsveçrə, Meksika, Özbəkistanın diaspor məsələlərinə məsul qurumları ilə görüşlər keçirilmiş, təcrübə mübadiləsi aparılmış, əməkdaşlığa dair bir sıra Anlaşma Memorandumları imzalamışdır.

Bu yaxınlarda Komitənin nümayəndə heyəti Türk Dövlətləri təşkilatının Bursada təşkil olunan II Diaspor Forumunda iştirak etmişdir. Azərbaycan ilk dəfə olaraq, bu il Dublində keçirilən Qlobal Diaspor Forumunda təmsil olunmuşdur.

2021-ci il iyunun 15-də imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə uyğun olaraq istər iki ölkənin diaspor siyasətinə məsul qurumları, istərsə də xaricdəki Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. İnanırıq ki, Azərbaycan və Türkiyə diasporları Şuşa Bəyannaməsinin əsas çağırışına – ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərin birləşdirilməsi vəzifəsinin öhdəsindən layiqincə gələcəkdir. Vətən müharibəsində Ermənistanın Gəncədə törətdiyi terror aktı zamanı Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbərinin Gəncəyə dəstək səfəri bunun əyani sübutudur.

Milli kimliyin və ana dilinin qorunması məsələləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda dünyanın bir çox şəhərlərində fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Bunların sırasında Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlər var. Xaricdə yetişən azərbaycanlı gənc nəslin Vətənlə bağlı olmaları, milli ruhda tərbiyə almaları, ilk növbədə, Azərbaycan dilini bilmələri məqsədilə bir çox layihələr həyata keçirilir. Məktəblər pedoqoji heyət və zəruri vəsaitlərlə təmin olunur. Bundan başqa, xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilmişdir.

Komitənin informasiya və təşviqat fəaliyyəti

Komitənin “Kommunikasiya Strategiyası” və “Böhran vəziyyətlərində kommunikasiya Planı”na uyğun olaraq “Qaynar xətt” daxil, bütün əlaqə vasitələri, internet resursları və sosial media hesabları kimi geniş ünsiyyət məkanı formalaşdırılmışdır. Komitənin üç dildə saytı hazırlanmış, Ankarada “Türkiyə-Azərbaycan” jurnalının nəşrinə başlanılmış, soydaşlarımız və diaspor təşkilatları ilə operativ əlaqənin qurulması üçün İnfoqrafik “Diaspor xəritəsi” platforması, xaricdə yaşayan tanınmış azərbaycanlıların bioqrafiya bankı – azerbaycan.li saytı, akademik sahədə fəaliyyət göstərən həmvətənlərimiz haqqında elmidiaspora.az saytı , Diaspor TV və Diaspor FM yaradılmışdır.

Xaricdə yaşayan azərbaycanlıların, onların təsis etdiyi diaspor təşkilatlarının və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə imkan yaradılmışdır. 30-dan çox ölkənin jurnalistlərindən ibarət “Azərbaycanın Jurnalist Dostları” şəbəkəsi qurulmuşdur. Bu potensialdan Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdəki vəziyyətlərdə, həmçinin “Mina xəritələri”, Oxçuçayın çirkləndirilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında istifadə edilmişdir.

Pandemiya dövründə diasporla iş

COVİD-19 pandemiyası diaspor təşkilatlarının da fövqəladə vəziyyətlərə hazırlıq imkanlarını üzə çıxarmışdır. Dövlət Komitəsi tərəfindən çevik tədbirlər həyata keçirilmiş, o cümlədən 24/7 qərargah yaradılmış, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri gücləndirilmiş rejimdə fəaliyyət göstərmişdir. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olmuşdur. 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım göstərilmişdir. Sərhədlərin qapanması ilə əlaqədar azərbaycanların təxliyəsinə dəstək göstərilmişdir.

Qarabağ mitinqləri

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində Avropanın aparıcı şəhərlərində Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması yolu kimi mitinq və aksiyaların təşkili xüsusi yer tutur. “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində 2019-cu ildə Brüssel və 2020-ci ildə Berlində Brandenburq qapıları önündə keçirilmiş Ümumavropa Qarabağ mitinqində Avropanın 30 ölkəsindən 3000-ə yaxın soydaşımız Azərbaycanın haqq səsini çatdırmaq üçün bir araya gəlmişdir. 2022-ci ildə ilk dəfə olaraq ABŞ-ın bütün ştatlarından soydaşlarımızın iştirakı ilə Vaşinqtonda Kapitoli binasının yaxınlığında keçirilmiş Ümumamerika Xocalı Mitinqini xüsusilə qeyd etmək istəyirəm.

Ümumilikdə, Azərbaycan həqiqətləri, xüsusilə də Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı dünyanın 40-a yaxın ölkəsində 150-dən artıq müxtəlif formatlı təbliğat və anım tədbirləri təşkil olunmuş, 100-ə yaxın məqalə çap edilmiş, 24 ölkədə 29 aksiya keçirilmişdir.

Azərbaycan diasporu Tovuz döyüşlərindən sonra

2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribat xaricdə yaşayan həmvətənlərimizin ciddi narahatlığına və etirazına səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə və müharibə cinayətlərinə etiraz olaraq mütəşəkkil şəkildə aksiyalara başlamışlar. Pandemiya ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, ümumilikdə 30-dan çox ölkədə 25 min nəfərdən çox insanın iştirak etdiyi 100-ə yaxın etiraz aksiyası keçirilmişdir.

Ermənilərin bir neçə ölkədə Azərbaycan səfirliklərinin qarşısında təşkil etdikləri icazəsiz aksiyalar həmvətənlərimizin müdafiə aksiyaları ilə fiaskoya uğramışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, aksiyalar zamanı ermənilərlə toqquşma nəticəsində zərərçəkmiş həmvətənlərimizin pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də  dəymiş maddi və digər zərərlərin aradan qaldırılması üçün bütün mümkün addımlar atılmışdır.

Bundan başqa bir çox dillərdə Tovuz təxribatları və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dünyanın aparıcı siyasətçilərinə, parlamentari və konqresmenlərə minlərlə məktub göndərilmiş, sosial media üzərindən kampaniya aparılmışdır.

Azərbaycan diasporu Vətən müharibəsi dövründə

Böyük Zəfər ili Azərbaycan diasporu üçün böyük sınaq və qələbə ili olmuşdur. Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərmişlər.

Müharibə dövründə Komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 2000-dək bəyanat göndərmişdir. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılmış, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunmuşdur. Təkcə “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”nin müraciəti elektron poçt vasitəsilə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata və 5 minə yaxın vəzifəli şəxsə göndərilmişdir.

Diasporumuz tərəfindən sistemli və ardıcıl şəkildə 30-dan artıq xarici ölkədə 200-dək aksiya keçirilmişdir. Təkcə Berlin şəhərində keçirilən izdihamlı mitinqə 10 mindən çox soydaşımız qatılmışdır. Bu tədbirlərdə Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri də iştirak etmişdir. Komitə əməkdaşlarının və diaspor təşkilatları üzvlərinin xarici media orqanlarına çıxışları intensivləşmiş, diaspor nümayəndələri xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılmışlar. Dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunmuş, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirmişlər. Soydaşlarımız tərəfindən Paris, Haaqa, Cenevrə, Nyu York, Boston, Vaşinqton, Çikaqo, Toronto və digər böyük şəhərlərdə müxtəlif dillərdə hazırlanmış minlərlə poster yerləşdirmişdir.  Komitə tərəfindən Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videomaterial hazırlanaraq yayımlanmışdır.

27 Sentyabr – Anım Günü və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq 50-yə yaxın ölkədə Azərbaycan diasporu tərəfindən müxtəlif formatda 200-dən artıq layihə və tədbirlər təşkil olunmuşdur. Nüfuzlu qurumlara, beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmış, xarici KİV-də məqalələr dərc edilmiş, videoçarxlar yayımlanmışdır. Nyu-Yorkun “Times Square” meydanı, Yekaterinburq şəhərində Boris Yeltsin adına Prezident Mərkəzi, Londonun 10 məşhur binasında, eləcə də Helsinki, Bern, Roma və Saloniki kimi böyük şəhərlərin mərkəzlərində qələbə simvollarımızın təsvir olunduğu rəqəmsal lövhələr yerləşdirilmişdir.

Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsi dövründə şəhid ailələri və qazilərə Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa yardımlar etmişlər. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə 3 milyon manatdan çox məbləğdə maddi dəstək göstərmiş, tibbi ləvazimat və avadanlıqlar göndərmişlər. Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə Azərbaycan diasporu tarixində ilk dəfə Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə “YAŞAT” Xeyriyyə marafonu təşkil edilmişdir. Ümumilikdə, marafonda 63 ölkədə yaşayan soydaşlarımız 1 milyon manatdan artıq vəsait ianə etmişlər.

Bundan başqa, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Diaspor Komitəsi 50 nəfərə yaxın xarici jurnalist, bloqer, fotoqraf, siyasi şərhçi və deputatın Azərbaycana – işğaldan azad olunmuş torpaqlara səfərlərini təşkil edib. Qarabağa səfər edən fotoqrafların çəkdiyi əsərlərdən ibarət sərgilər Avropanın mərkəzi şəhərlərində nümayiş olunmuşdur.

Səmimiyyətlə qeyd edə bilərik ki, Azərbaycan diasporunun əsası ulu öndər tərəfindən qoyulmuş mənəvi birliyi son illər yüksək etimad, inamlı münasibətlər müstəvisində möhkəmlənmiş, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvəyə çatmışdır. Prezidentimiz Vətən müharibəsində əldə olunan davamlı qələbələrlə bağlı çıxışlarında mütəmadi olaraq Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətini yüksək qiymətləndirmiş, onları təbrik etmişdir. Hesab edirik ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında diasporumuzun iki nüfuzlu üzvünün təmsil olunması Azərbaycan diasporuna ali səviyyədə göstərilən etimaddır. Bütün bunlar diasporumuzun yeni mərhələdə inkişafına xüsusi stimul verir, soydaşlarımız bunu çox böyük sevinc və fərəh hissi ilə qarşılayırlar.

Əziz dostlar!

Siz qürbətdə yaşayaraq, müxtəlif çətinliklərə baxmayaraq, qışın soyuğunda, yayın istisində, sizi bəlkə də anlamayan cəmiyyətlərə Azərbaycanın haqq səsini çatdırırsınız. Hər biriniz əlinizdən gələni əsirgəmədən yaşadığınız cəmiyyətlərdə yorulmadan fəaliyyət göstərirsiniz.  Göstərdiyiniz bu əzmkarlıq, həmrəylik, dəstək və töhfələrinizə görə sizin şəxsinizdə Azərbaycan diaspor ailəsinin hər bir üzvünə təşəkkür edirik.

Dəyərli diaspor nümayəndələri!

Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan diasporu yeni mərhələyə qədəm qoymuşdur. Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək – Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi. Təbii ki, post-müharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura ilk növbədə lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diapor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına cəlb edilməli, Vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi proqramları təşkil olunmalıdır. Qarşımızda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasında koordinasiyanı gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq əsas vəzifələrdəndir.

Azərbaycan diasporunun yeni strateji hədəflərinin müəyyənləşdirilməsi, “yumşaq güc” və “publik diplomatiya” konseptinin hazırlanması qarşıya qoyulan vəzifələrdəndir. Bu xüsusda, “Azərbaycan Diasporunun Perspektiv İnkişafı Dövlət Konsepsiyası”nın və “Dünya azərbaycanlılarının məskunlaşdıqları ölkələr üzrə İnteqrasiyası və İnkişafı Dövlət Proqramı”nın ərsəyə gətirilməsidir.

Bu il elə burada gənclərin “Yay Düşərgəsi”nin təşkil olunması planlaşdırılır. Diasporun qlobal trendə çevrildiyini nəzərə alsaq, Azərbaycanın gələcəkdə “Beynəlxalq Diaspor Forumu”na, etno festivallara, milli və bəşəri çalarları zənginləşdirmək məqsədilə akademik yanaşma üçün qlobal simpoziumlara ev sahibliyi etməsi əsas hədəflərimizdəndir. O cümlədən, “Azərbaycan diaspor elçisi” və “Azərbaycan diaspor məktəbi” modelinin üzərində işləyirik.

Lobbiçiliyin yeni mərhələsi üçün “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlılar Şəbəkəsi”nin və “Azərbaycanda Təhsil Alan Əcnəbilər Platforması”nın yaradılmasını düşünürük.

Eyni zamanda ümummilli liderimizin təşəbbüsi ilə təsis edilən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının işlək mexanizminin olması üçün daimi katibliyin yaradılması və “Vətən Cəmiyyəti”nin bazasında Dünya Azərbaycanlılarının Muzeyinin qurulması arzusundayıq.

Gələcək fəaliyyətimizdə əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının və Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısını Qarabağın quruculuğuna yönəldilməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların bura - Ana Vətənə sərmayə qoymasıdır. Bunun üçün bir çox hökumət və qeyri-hökumət təşkilatları ilə işə başlanılmışdır.

Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi çərçivəsində “I Ümumtürk Elat Festivalı” və “Diaspor Dekadaları”nın keçirilməsi planlaşdırılır.

2020-ci ildə Komitənin “YAŞAT” Fondu ilə birgə reallaşdırdığı, həyati vacib əhəmiyyət daşıyan “Həmrəylik Marafonu”nun davamı olaraq, Qarabağ Dirçəlişi Fondu ilə birlikdə yeni layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Hörmətli qurultay iştirakçıları!

Bu gün Azərbaycan diasporunun ürəyi Şuşada döyünür. Mövcud şəraitlə əlaqədar olaraq bu əlamətdar tədbirdə minlərlə fəal, ürəyi vətən eşqi ilə döyünən soydaşlarımız iştirak edə bilmir. Burdan onların hər birinə salamlarımızı və bütün qurultay iştirakçıları adından vətənimiz naminə fəaliyyətlərinə görə təşəkkürümüzü bildiririk. Əminik ki, Dünya azərbaycanlılarının növbəti Qurultaylarında imkan və şərait daha da genişlənəcəkdir. Biz doğma Şuşamıza qayıtmışıq və burada daha tez-tez görüşəcəyik.

Çıxışımı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Dünya Azərbaycanlılarının 1-ci Qurultaydakı konseptual çıxışındakı unudulmaz sözlərlə bitirmək istəyirəm: “Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkənin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə də Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir”.

Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Biz birlikdə daha güclüyük!
Diqqətinizə görə təşəkkür edirəm.