EN
RU

Böyük İpək Yolunun bərpası

 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

 

Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi

 

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.

Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.

 

Şimali Avropanı Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi

 

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.

Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək.

Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan İran tərəfinə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kreditin ayrılmasını nəzərdə tutub.

Strateji yol xəritələrində 2020-ci ilədək region üzrə tranzit ticarət həcmini artıraraq Azərbaycanın aşağıdakı göstəricilərə müvafiq pay əldə etməsi hədəflənmişdir:

- Orta Asiya və Qara dəniz marşrutu üzrə 40 faiz;

- Orta Asiya və Avropa marşrutu üzrə 25 faiz;

- Çin və Avropa marşrutu üzrə 3 faiz;

- Rusiya və İran marşrutu üzrə 40 faiz;

- İran və Qara dəniz marşrutu üzrə 25 faiz.

Gələcəkdə Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.

***

Hazırda Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi prosesi aşağıdakı mühüm istiqamətlər üzrə gedir:

- Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionlarının arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafı;

- Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafı;

- Şimal-Cənub nəqliyyat dəhlizinin qurulması;

- Böyük İpək Yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsi;

- Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olması;

- Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılması;

- müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi;

- yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət;

- çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması və s.

Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.