...

Seuldakı parkda əkilən yubiley ağacı İsa bulağının suyu ilə suvarılıb

13.05.2022

Azərbaycanla Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seul şəhərinin Yonqsan rayonundakı Şinqye Tarix Parkında yubiley ağacı əkilib.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Yonqsan meriyası ilə birgə təşkilatçılığı əsasında gerçəkləşdirilən tədbirdə yerli ictimaiyyətin, medianın və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Səfir Rəmzi Teymurov və Yonqsan meri Sonq Canq-hyon çıxış edərək, iki ölkə üçün böyük önəm kəsb edən tarixi gündə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Bu əlaqələrin dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində mühüm inkişaf yolu keçdiyi nəzərə çatdırılıb. Qeyd edilib ki, yerli özünüidarəetmə orqanları arasında səmərəli əməkdaşlıq davam edir. 2017-ci ildə Bakı şəhərinin Qaradağ rayonu ilə Yonqsan rayonu arasında dostluq mübadiləsinə dair niyyət məktubunun imzalandığı buna nümunə kimi göstərilib.

Sonra yubiley münasibətilə ağac əkilib və müvafiq məlumatlandırma lövhəsi quraşdırılıb. Ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmiş “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının sədri Cəmil Vəliyevin məşhur İsa bulağından xüsusi olaraq gətirdiyi su ilə yubiley ağacı suvarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edildiyini xatırladan səfir qədim Şuşa şəhəri barədə də tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, Yonqsan Seul şəhərinin ən beynəlmiləl rayonlarından biridir. Onun ərazisində çoxsaylı xarici diplomatik missiyalar, o cümlədən Azərbaycan səfirliyinin binası yerləşir.