...

Daşkənddə tanınmış soydaşımızın xatirə lövhəsi açılıb

12.04.2022

Daşkənddə Azərbaycan əsilli Özbəkistan rəqqasəsi, hər iki ölkənin əməkdar artisti Kövkəb Əliyevanın (Kaykep Aliyeva) yaşadığı bina üzərində xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş titan tədbirdə iki ölkənin tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, soydaşlarımız və ailə üzvləri iştirak ediblər.

Mərasimdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Milli Məclisinin üzvü, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Erkin Nuriddinov, Özbəkistanın xalq artisti Qalina Melnikova və başqaları çıxış ediblər. Bildirilib ki, xaricdə yaşayan soydaşlarımıza dövlətimizin diqqət və qayğısını əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və göstərişi əsasında tanınmış azərbaycanlıların məskunlaşdıqları ölkələrdə yaradıcılıqları araşdırılır və adları əbədiləşdirilir. Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğində müstəsna xidmətlər göstərən, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansablının bədii rəhbəri olmuş K.Əliyevanın fəaliyyəti dövlətlərimiz tərəfindən daim yüksək qiymətləndirilib. Qeyd edilib ki, K.Əliyeva 50 ildən artıq müddət ərzində yüzlərlə azərbaycanlı və özbək uşaqlarına, yeniyetmələrinə milli rəqslərimizi öyrədib.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfəri çərçivəsində baş tutan Azərbaycan Mədəniyyət Mərkəzinin acılış mərasimində K.Əliyeva və onun yetirmələri ilə görüşdüklərini xatırladan natiqlər rəqqasənin uşaq və internat evlərinin dəstəklənməsi məqsədilə xeyriyyə tədbirləri təşkil etdiyini, onun əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıblar.

Sənətkarın qardaşı Pərviz Əliyev çıxış edərək, ailələri adından Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə bacısının və digər tanınmış soydaşlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbir bədii hissəsində Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova bəstəkar və xalq mahnılarını təqdim edib.

Qeyd edək ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə xatirə lövhəsini Özbəkistanın xalq rəssamı Marina Borodinova hazırlayıb.