...

Azərbaycan Kaliforniyada keçirilən festivalda təmsil olunub

30.03.2022

Azərbaycan Kaliforniya ştatının Santa Klara rayonunda yerləşən Mauntin Vyu (Mountain View) şəhərində keçirilən multikultural festivalda təmsil olunub.

Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) qatıldığı festivalda Ukrayna, Meksika, Türkiyə, Peru, İsrail və sair ölkələr iştirak ediblər.

Cəmiyyətin təşkil etdiyi Azərbaycan güşəsində ölkəmiz haqqında məlumat posteri, qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən milli geyimlər, xalçalar, musiqi alətləri, suvenirlər, təamlar təqdim olunub. Soydaşlarımız guşənin önündə Azərbaycan rəqslərini, eləcə də birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini nümayiş etdiriblər.

Azərbaycan guşəsinin zəngin proqramı festival ziyarətçilərinin böyük marağına səbəb olub. Milli geyimli cəmiyyət üzvləri amerikalılara ölkəmiz haqqında ətraflı məlumat veriblər, onlara Novruz şirniyyatlarınınm hazırlanma qaydasını nümayiş etdiriblər və bütün sualları cavablandırıblar. Amerikalılar böyük həvəslə halay çəkən soydaşlarımızla birlikdə yallı gediblər.

Yerli sakinlər ölkəmizə turist kimi getməyin yolları və Azərbaycanın görməli yerləri haqqında məlumatla maraqlanıblar.