...

Azərbaycan Diaspor Gənclərinin fəaliyyət istiqamətləri müzakirə edilib

24.01.2022

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Diaspor Gənclərinin (ADG) bir qrup üzvü ilə görüş keçirilib.

Onlayn formatda baş tutan görüşdə müxtəlif ölkələrdə – Almaniya, Avstriya, Belçika, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Estoniya, İngiltərə, İsveçrə, İtaliya, Qazaxıstan, Litva, Macarıstan, Moldova, Niderland, Polşa və Slovakiyada yaşayan fəal diaspor gəncləri iştirak ediblər.

Diaspor quruculuğunda gənclərin fəaliyyət istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı müzakirələr zamanı xaricdəki Azərbaycan gəncliyinin hədəf və məqsədlərindən, yerli cəmiyyətlərə sıx inteqrasiyasının yollarından danışılıb. Müxtəlif təklif və ideyaların səsləndirildiyi tədbirdə ADG üzvlərini maraqlandıran suallar cavablandırılıb.