...

Serbiya mediasında 20 Yanvar faciəsinin 32-ci ildönümü barədə məqalə dərc edilib

20.01.2022

Serbiyanın https://www.danas.rs xəbər saytında 20 Yanvar – Ümumxalq Hüzn Günündən bəhs edən məqalə yerləşdirilib.

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadənin təşəbbüsü ilə yayımlanan məqalədə SSRİ rəhbərliyinin yarıtmaz, qərəzli və ermənipərəst mövqeyinin Azərbaycanda xalqın haqlı etirazına səbəb olduğu, respublikanın ərazi bütövlüyü uğrunda milli azadlıq mübarizəsini gücləndirdiyi bildirilib. Qeyd edilib ki, SSRİ rəhbərliyi məhz xalqımızın radikal erməni qüvvələrinin separatizminə etirazını, müstəqillik tələbini boğmaq və əzmkarlığını sarsıtmaq üçün 20 Yanvar qətliamını törədib. Bu məkrli məqsədinə nail olmaq üçün SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını, eləcə də beynəlxalq hüquq normalarını kobudcasına pozmaqdan da çəkinməyib.

Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində təşkil olunan mətbuat konfransında ümummilli lider Heydər Əliyevin bu amansız cinayətə kəskin şəkildə etiraz etdiyi, xalqımıza divan tutulmasına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasnı tələb etdiyi, məhz onun yenidən ölkəmizə rəhbərlik etməyə başlamasından sonra Milli Məclisin hadisələrə siyasi-hüquqi qiymət verdiyi nəzərə çatdırılıb.

“Keçmiş sovet rəhbərliyi bu cinayətə görə birbaşa məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu amansız cinayətin təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz dərin hörmət və minnətdarlıqla Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edirik”, - deyə vurğulanıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.danas.rs/svet/povodom-32-godisnjice-20-januara-azerbejdzan-obelezava-dan-nacionalne-zalosti/