...

Odessadakı Azərbaycan Evində görüş keçirilib

18.12.2021

Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən “Birlik” Odessa Azərbaycanlılarının Diasporu İctimai Təşkilatının mərkəzi ofisində - Azərbaycan Evində təşkilatın İdarə Heyəti və üzləri ilə görüş keçirilib.
Görüşdə Ukraynada ezamiyyətdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edib.
Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək, 44 günlük Vətən müharibəsində və böyük zəfərimizi qeyd etdiyimiz 2021-ci ildə Azərbaycan diasporunun, o cümlədən Odessadakı icmamızın uğurlu fəaliyyətindən danışıb. Həm hərb meydanında, həm də beynəlxalq arenada qələbənin qazanılmasında böyük fəallıq göstərən xaricdəki soydaşlarımızın ilk Zəfər bayramını da xüsusi coşqu və sevinclə qeyd etdiyini vurğulayıb. Bildirilib ki, diasporumuz ötən müddət ərzində nümayiş etdirdiyi birlik və həmrəylik ruhunu qoruyaraq öz fəaliyyətini daha da gücləndirməlidir.
“Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qurumun fəaliyyəti haqqında məlumat verərək, 6 ay əvvəl açılan Azərbaycan Evində artıq soydaşlarımıza hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbinin təşkil olunduğunu deyib. Bundan başqa, Odessa şəhərinin mərkəzində Azərbaycan parkının açılması ilə bağlı aparılan işlərin əsas mərhələsi arxada qalıb, yaxın vaxtlarda layihənin reallaşmasına başlanılacaq.
Görüşdə Oddesadakı diasporumuzun fəaliyyətini genişləndirməsi, qarşıdakı illərdə yerli vilayət və şəhər şuralarında, eləcə də dövlət strukturlarında azərbaycanlıların təmsil olunması istiqamətində məqsədyönlü işlərin aparılması müzakirə olunub. Eyni zamanda Odessa vilayətində yaşayan soydaşlarımızın problemlərinə də toxunulub, burada Azərbaycan konsulluğunun açılmasının zərurliyi vurğulanıb.
Qeyd edək ki, 30 mindən çox soydaşımızın yaşadığı Odessa vilayətində üç diaspor təşkilatı fəaliyyət göstərirdi. 2021-ci ilin yayında bu cəmiyyətlər birləşərək, “Birlik” Odessa Azərbaycanlılarının Diasporu İctimai Təşkilatını yaradıb.