...

Truskavets şəhərində Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Beynəlxalq vokalçılar müsabiqəsi təşkil edilib

08.12.2021

Ukraynanın Truskavets şəhərində görkəmli Azərbaycan bəstəkarı və müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokalçılar müsabiqəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Truskavets şəhər şurasının təşkilatçılığı ilə 2-5 dekabr 2021-ci il tarixlərində gerçəkləşdirilmiş müsabiqədə müxtəlif ölkələri təmsil edən peşəkar vokalçılar iştirak ediblər. Canlı və onlayn formatda keçirilən müsabiqədə ifaçılar görkəmli sənətkarın repertuarından opera ariyalarını və estrada mahnılarını təqdim ediblər. Onun vaxtilə səsləndirdiyi “Mən səmaya baxıram” Ukrayna xalq mahnısının ifası müsabiqənin mütləq şərti olub.

Müsabiqə iştirakçılarının çıxışlarını Ukraynanın Xalq artisti, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov, Ukraynanın Xalq artisti, P.Çaykovski adına Milli Musiqi Akademiyasının kafedra müdiri, professor Aleksandr Dyaçenko, Ukraynanın Xalq artisti, N.Lısenko adına Lvov Musiqi Akademiyasının kafedra müdiri Lyudmila Bojko və Bakı Musiqi Akademiyasının professoru, Azərbaycanın Xalq artisti Gülnaz İsmayılovadan ibarət münsiflər heyəti qiymətləndirib.

Müsabiqə qaliblərinin adları T.Şevçenko adına Mədəniyyət Sarayında keçirilən təntənəli mərasimdə açıqlanıb. Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsabiqə təşkilatçılarına və iştirakçılarına təbrik müraciəti oxunub.

Müsabiqənin yekunlarına görə, I mükafata Urfan Cəfərov (Azərbaycan) və Darya Nazimçuk (Ukrayna), II mükafata Vladimir Morozov (Ukrayna) və Solomiya Pavlenko (Ukrayna), III mükafata Yermek Berimjanov (Qazaxıstan) və Lyu Kyo (Çin) layiq görülüblər. Yevgeni Vasyukov (Ukrayna) və Aliş Bibaris (Qazaxıstan) müsabiqənin diplomantları adını qazanıblar. Müsabiqənin birincisi, Bakı Musiqi Akademiyasının yetirməsi Urfan Cəfərov həm də dünyanın məşhur konsert salonlarından biri olan Karnegi Hollda çıxış etmək hüququnu əldə edib.

Tədbir qaliblərin qala-konserti ilə başa çatıb.