...

İsveçdə yaşayan tanınmış yazar və diaspor üzvü Eluca Atalı yubiley yaşını qeyd edir

19.11.2021

İsveç Azərbaycanlıları Koordinasiya Şurası idarə heyətinin üzvü, tanınmış yazıçı, şair və publisist Eluca Atalının (Mədinə Hüseynova) 55 yaşı tamam olur.

İsveçin paytaxtı Stokholm şəhərində yaşayan və Kärsby məktəbində çalışan yazar ”Atlara güllə atmayın” “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda” kitablarının, ”Qız və quzğun”, ”Ağ gəminin kapitanı”, “Ənqa quşu” uşaq əsərlərinin, “Adamdan üstün”, “Paşa Qəlbinur: biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi”, “Qum üstündə sərçələr”, “Milli monoloq”, “Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”, “Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusunun, "Azərbaycanda ədəbiyyat: formalaşması, inkişafı, müasir dövrü və meylləri" adlı doktorluq işinin müəllifidir. O, xaricdə Azərbaycan ədəbiyyatının təbliği ilə fəal məşğul olur, siyasi-sosial mövzularla bağlı mütəmadi olaraq xarici mətbuatda və sosial media şəbəkələrində çıxış edir.

Qeyd edək ki, yazıçı 1966-cı il noyabrın 19-da Azərbaycanın Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.

Diasporla İş üzrə Dövlət Komitəsi tanınmış yazarı və diaspor hərəkatının fəal üzvlərindən biri olan Eluca Atalını yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür və yaradıcılığında davamlı uğurlar qazanmağı arzulayır.