...

Türkiyədə Qarabağ zəfərinə həsr edilən beynəlxalq turnir keçirilib

14.11.2021

Türkiyədə Qarabağ zəfərinə həsr edilən beynəlxalq futvolley turniri başa çatıb.

Turnir “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü, Dünya Futvolley Federasiyasının razılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə noyabrın 5-dən 8-dək Türkiyənin Alanya şəhərində keçirilib.

Turnirin açılış mərasimində çıxış edən Azərbaycan FutNet Federasiyasının rəsmiləri, “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin rəhbərliyi və idmançılar xalqımıza qələbə sevinci bəxş etdiyi üçün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlıq edib, canını Vətən uğrunda fəda etmiş şəhidlərin əziz xatirəsini yad ediblər.

“Qarabağ Zəfər Kuboku” adı altında keçirilən və II Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunan beynəlxalq turnirdə iştirakçı komandalar yarışa üzərində Xarı bülbül simvolu və "Qarabağ Azərbaycandır!" şüarı yazılmış formalarla çıxıblar.

Turnirdə mükafat uğrunda Azərbaycan, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa, İspaniya, Portuqaliya və Niderland futvolleyçiləri mübarizə aparıblar.

Turnirin qalibi İsrail millisi olub. İspanlar gümüş, ukraynalı futvolleyçilər isə bürünc medal qazanıb.