...

Vyananın Lixtenşteyn sarayında Zəfər Günü münasibətilə konsert keçirilib

10.11.2021

Avstriyanın Vyana şəhərindəki əzəmətli Lixtenşteyn sarayında 8 noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Avstriyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, ölkəmizin Avstriyadakı fəxri konsulları, işgüzar çevrələrin və Azərbaycan icmasının nümyəndələri iştirak ediblər.

Azərbaycanın və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli çıxış edib. Bu il Azərbaycan tarixinin mühüm mərhələlərinin – dövlət müstəqilliyinin bərpasının, Zəfər Gününün və Bayraq Gününün təntənəli şəkildə qeyd olunduğunu vurğulayan diplomat xatırladıb ki, məhz noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Qarabağın mirvarisi Şuşanı 28 illik işğaldan sonra azad edib. “Bu, əsl Vətən müharibəsi idi. Çünki ölkəmizin işğaldan azad edilməsi, suverenliyinin, ərazi bütövlüyünün və birliyinin bərpası uğrunda mübarizə gedirdi”, - deyə o, bildirib.

Səfir nəzərə çatdırıb ki, tədbirin bədii hissəsini idarə edəcək maestro, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov üçüncü nəsil qarabağlı musiqiçi və xalqımızın muğam sənətinin tanınmış simalarından biri olan xanəndə Zülfüqar Adıgözəlovun nəvəsidir. “Qafqaz Konservatoriyası” adı ilə tanınan Şuşa musiqi mədəniyyətinə onlarla istedadlı musiqiçi və müğənnilər bəxş edib” deyən R.Sadıqbəyli tədbirin baş tutmasında göstərilən dəstəyə görə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Sonra Yalçın Adıgözəlovun dirijorluğu ilə Vyana Kamera Orkestrinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Niyazı, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Fərhad Bədəlbəyli və digərlərinin əsərləri təqdim olunub. Beynəlxalq müsabiqələr laueratı Selcan Nəsibli və Orxan Cəlilovun peşəkarcasına səsləndirdikləri əsərlər, Əməkdar artist Əliağa Sədiyevin tarda ifa etdiyi “Çahargah” rapsodiyası, “Qərənfil” və “Muğamsayağı“ kompozisiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Konsert xalqımızın möhtəşəm qələbəsinin əzəmətinə uyğun olaraq Qara Qarayevin “İldırımlı yollarla“ baletindən musiqi parçasının ifa olunması ilə yekunlaşıb.