...

Marneulidə Zəfər Günü təntənəli şəkildə qeyd edilib

07.11.2021

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə azərbaycanlıların kompakt məskunlaşdığı Marneulidə 8 Noyabr - Zəfər Günü qeyd edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının, yerli ictimaiyyət nümayəndələrinin, o cümlədən ziyalıların, məktəbli və gənclərin iştirak etdiyi tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Gürcüstan və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

GAİM-in icraçı direktoru Orxan Pirverdiyev çıxışında soydaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusunun “Dəmir Yumruq” əməliyyatı ilə azad olunduğu, bu Qələbənin təkcə Azərbaycanda deyil, regionda sülh və stabilliyin bərpa edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov isə çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək, tarixi ədaləti bərpa etdiyini bildirib.

Hazırda Gürcüstanda müalicə olunan Qarabağ müharibəsi qazisi Şaban Süleymanov, müəllim Fatma Əliyeva və digərləri Azərbaycanın qazandığı möhtəşəm Zəfərin soydaşlarımıza milli qürur və iftixar hissi bəxş etdiyini bildiriblər. Zəfər Gününün dünya azərbaycanlılarının, o cümlədən Gürcüstanın azərbaycanlı icmasının ən əziz bayramlarından birinə çevrildiyi xüsusilə vurğulanıb.

Tədbir konsert proqramı ilə davam edib. Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin və Tbilisidəki “Ceyran” rəqs qrupunun kollektivləri Azərbaycan və Qarabağa həsr olunmuş mahnılar, milli rəqslər ifa ediblər.