...

Dərbənddə “Nizami Gəncəvi. Xəmsə” adlı tamaşa təqdim edilib

01.11.2021

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tamaşa göstərilib.

Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Nizami Gəncəvi. Xəmsə” pyesi tamaşaçıların böyük marağına səbəb olub. Tamaşa dahi şairin həyat yoldaşı Afaqla olan münasibətlərinə həsr olunub.

Teatrın direktoru Firdovsi Əsgərov bildirib ki, Dağıstanda və xüsusilə də Dərbənddə qüdrətli söz xiridarının əsərlərinə böyük məhəbbətlə yanaşırlar. “Onun əsərlərində Dərbəndin adı bir neçə dəfə çəkilir. Axı onun xanımı Afaq məhz doğma Dərbənddən olub”, - deyə direktor vurğulayıb.

Tamaşanın təqdimatı pandemiya qaydalarına uyğun şəkildə gerçəkləşdirilib.