...

Həmvətənlərimiz Böyük Britaniya yığmasına bürünc medal qazandırıblar

28.07.2021

Böyük Britaniya yığma komandasının üzvləri olan azərbaycanlı ekiz bacıların – Cessika və Cenifer Qədirovaların "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarında uğur qazanması ölkəmizdə böyük sevinclə qarşılanıb.
Cessika və Cenifer bacıları Böyük Britaniyanın idman gimnastikası üzrə yığma komandasında çıxış ediblər. Komanda üçüncü yerə çıxaraq Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Olimpiya Oyunlarından öncə Birləşmiş Krallığın nüfuzlu "The Guardian" nəşri 16 yaşlı Qədirova baçılarını Böyük Britaniyanın ən perspektivli gənc idmançıları adlandırıb. Qəzet onların valideynlərinin azərbaycanlı olduqlarına da diqqəti cəlb edib: "...Dublində azərbaycanlı valideynlərdən dünyaya gəlmiş 16 yaşlı ekizlər son illərdə aparıcı gimnast olmaq potensialına malik olduqlarını göstəriblər".
Diasporla İş üzrə Dövlət Komitəsi istedadlı həmvətənlərimizi bu möhtəşəm qələbə münasibətilə təbrik edir və onlara gələcəkdə böyük uğurlar qazanmağı arzulayır.