Rusiyanın müxtəlif şəhərlərində dahi şəxsiyyət Heydər Əliyev yad edilib

14.05.2021

Rusiya Federasiyasının Tatarıstan, Dağıstan, Kabardin-Balkar Respublikalarında və Ulyanovsk vilayətində fəaliyyət göstərən Azərbaycan icmalarının təşkilatçılığı ilə Kazan, Mahaçqala, Nalçik və Ulyanovsk şəhərlərində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Tatarıstan azərbaycanlıları regional ictimai təşkilatının və "Tatarıstan" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Kazan şəhərində baş tutan dəyirmi masada Tatarıstanın Xalq artisti, professor Minqol Qaleyev, Kazan Federal Universitetinin dizayn və milli incəsənət kafedrasının dosenti Mədinə Mahmudova, Privoljck federal dairəsindəki "Xarici iqtisadi və regional əlaqələr Agentliyi"nin səlahiyyətli səfiri Niyaz Eminov, Tatarıstan azərbaycanlıları regional ictimai birliyinin rəhbəri, tanınmış onkoloq Fərhad Dudakunan, Leninoqorsk və Buinsk rayonlarındakı Azərbaycan diasporunun rəhbərləri Ramiz Məmmədov və Elçin Dostuyev, eləcədə digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən "Tatarıstan" İctimai Birliyinin sədr müavini Emin Ramazanov bildirib ki, vaxtilə Tatarıstan lideri Mintimer Şaymiyev dahi şəxsiyyət Heydər Əliyevi böyük qardaşı adlandırır, xalqlarımızı bütün dövrlərdə qardaşlıq və dostluq münasibətlərinin birləşdirdiyini nəzərə çatdırırdı. Qeyd edib ki, dahi və üzaqgörən siyasətçi olan Heydər Əliyevin yürütdüyü siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir iştirakçıları 2023-cü ildə Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Kazanda Heydər Əliyev adına parkın salınması və küçələrdən birinə dahi şəxsiyyətin adının verilməsi təklifini irəli sürüblər. Tədbir Heydər Əliyevin həyatı və fəaliyyəti barədə sənədli filmin nümayiş etdirilməsilə yekunlaşıb.
Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkil etdiyi tədbirdə Heydər Əliyevin Azərbaycan tarixində, Rusiya–Azərbaycan münasibətlərində tutduğu önəmli rol yüksək qiymətləndirilib. Təşkilatın sədri Rakif Əzizov bildirib ki, Azərbaycan dövlətinin inkişafına böyük töhfələr bəxş etmiş ümummilli liderin xatirəsi hər zaman Dağıstanda böyük ehtiramla və hörmətlə yad ediləcək.
"Azəri" Milli-Mədəni Mərkəzin təşkilatçılığı ilə Nalçik şəhərində keçirilən tədbirdə mərkəzin sədri Ağababa Dadaşov və başqaları çıxış edərək, görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və nüfuzlu ölkəyə çevrilməsi naminə həyata keçirdiyi misilsiz xidmətlərdən danışıblar.
Ulyanovsk Reqional Azərbycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin Ulyanovsk şəhərindəki abidəsi ziyarət edilib. Heydər Əliyev adına meydanda ucaldılmış abidənin önünə toplaşan tədbir iştirakçıları ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidənin önünə güllər düzülüb.
Tədbirdə çıxış edən Ulyanovsk Reqional Azərbycan Milli-Mədəni Muxtariyyətinin sədri İslam Hüseynov bildirib ki, Heydər Əliyev xalqımızın ümummilli lideri və dünya miqyaslı görkəmli siyasi xadimdir. "Biz onun xatirəsini yad edirik və nəsihətlərini xatırlayırıq. Biz onun millətlərarası dostluq, xoş məram, Vətənə məhəbbətlə bağlı ideyaları ətrafında birləşirik. Heydər Əliyev bu dünyanı tərk etsə də, ruhu şaddır".
Ulyanovsk vilayətinin hökuməti adından çıxış edən Millətlər və konfessiyalararası münasibətlər məsələləri üzrə idarənin rəisi Sergey Paxovski görkəmli dövlət xadimi Heydər Əliyevin Ulyanovskla bağlı fəaliyyətini xatırladıb və Azərbaycan diasporunun regionun həyatındakı əhəmiyyətli rolunu yüksək qiymətləndirib.