Şərqi Avropa ölkələrində ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı məqalələr yayımlanıb

11.05.2021

Rumıniyanın https://news24hours.ro xəbər portalında Rumıniya Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlanıb.
T.Mayoresku adına Universitetin məzunu Robert Burlakunun qələmə aldığı məqalə Heydər Əliyevin "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri ilə başlayır. Məqalədə qeyd edilib ki, Heydər Əliyev dahi şəxsiyyət kimi görkəmli siyasətçilər Mustafa Kamal Atatürk, Uinston Çörçil, Şarl de Qoll və Konrad Andenauerlə müqayisə edilə bilər.
Xalqımızın tarixində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirildiyi, onun rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən müharibəsində qalib gəldiyi, Heydər Əliyevin "Şuşasız Qarabağ və Qarabağsız Azərbaycan yoxdur" arzusunun gerçəkləşdiyi nəzərə çatdırılıb.
Polşanın https://www.salon24.pl xəbər saytında da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlanıb.
Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin qələmə aldığı məqalədə Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu illərdə (1993–2003) Polşa-Azərbaycan əlaqələrinin qurulmasında və inkişafında xidmətlərindən danışılıb. Ümummilli liderin Polşa Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə 1997-ci il 26-28 avqust tarixində bu ölkəyə ilk rəsmi səfər etdiyini xatırladan müəllif o zaman baş tutan ikitərəfli danışıqların dövlətlərimiz arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə çatdırılması ilə nəticələndiyini vurğulayıb.
Çex Respublikasının “Azərbaycan icması” təşkilatının rəhbəri Eldar Vəliyevin təşəbbüsü ilə bu ölkənin https://karabach.cz/ informasiya portalında da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş məqalə yayımlanıb. “Heydər Əliyev – həvəsləndirici və ilhamverici şəxsiyyət” adlanan məqalədə Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan, Bakı şəhərindəki Heydər Əliyev Mərkəzindən geniş bəhs edilib. Məqalədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilib, 1993-cü ildən sonra ölkədə əldə edilən uğurlardan yazılıb.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://news24hours.ro/article/18189?fbclid=IwAR0g7LHTXbMOs87HUwrsH3JoteOST7__30GiMR3uORV4Yr_7kfA5z4IC2LQ
https://www.salon24.pl/u/glosazebrejdzanu/1133758,98-rocznica-urodzin-hejdara-alijewa-prezydenta-azerbejdzanu-w-latach-1993-2003?fbclid=IwAR3k2pMNLPM1k9BXa5_A9rvNmlLdhLlfwovuVgrVBaPHV-YwC0gPtJhtwZ/
https://karabach.cz/kultura/hejdar-alijev-podnetna-a-inspirativni-osobnost/