Şəhid və qazi ailələrinə ərzaq sovqatları çatdırılıb

04.04.2021

Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş digər vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmir, onlara daima maddi və mənəvi dəstək olurlar.
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən "Səadət" Fondunun ölkəmizə müxtəlif ərzaq məhsullarından ibarət sovqatları göndərməsi də bu qəbildən olan növbəti xeyriyyə aksiyasıdır.
"Səadət" Fondundan bildirilib ki, xeyriyyə tədbiri Türkiyənin İDDEF (İnsana Dəyər verən Dərnəklər Fedarasiyonu) təşkilatının dəstəyi ilə həyata keçirilib və sovqat dolu yük maşını Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Bakıya göndərilib.
Aksiya çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri şəhid və qazi ailələrinə 200-dən çox bağlama çatdırıblar.