London şəhərində Novruz bayramı qeyd edilib

27.03.2021

İngiltərədə fəaliyyət göstərən "Vestminster Azərbaycan Cəmiyyəti"nin ("Westminster Azerbaijan Society") təşəbbüsü ilə London şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları baharın gəlişinin, təbiətin oyanmasının rəmzi olan Novruz bayramı münasibətilə xalqımızı, eləcə də Londonda yaşayan və təhsil alan soydaşlarımızı təbrik ediblər. Novruz tonqalının Azərbaycanın bütün ərazilərində, eləcə də azad olunmuş Şuşada alovlanmasının xaricdə yaşayan soydaşlarımızın böyük sevincinə səbəb olduğu nəzərə çatdırılıb. Bu qürurlu anları xalqımıza yaşatdıqları üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan ordusunun hər bir əsgər və zabitinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, xalqımız və dövlətimiz Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını heç zaman unutmayacaq.
Qeyd edək ki, sözügedən cəmiyyət Vestminster Universitetinin (University of Westminster) azərbaycanlı tələbələri tərəfindən yaradılıb.