Samara vilayətinin Azərbaycanlılar Liqası Xocalı soyqırımını tanımağa çağırış edib

02.03.2021

Rusiyanın Samara vilayətində fəaliyyət göstərən Azərbaycanlılar Liqasının təşkilatçılığı ilə Samara şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Xalqlar Dostluğu Evində baş tutan tədbirdə vilayətin ictimai və dini xadimləri, Azərbaycan diasporunun və müxtəlif icmaların üzvləri iştirak ediblər.
Dəyirmi masa Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhlarına duaların oxunması ilə başlaylb. Tədbirdə çıxış edənlər erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc sakinlərinə qarşı xüsusi amansızlıqla və işgəncə ilə törətdikləri soyqırımı hiddətlə pisləyiblər.
Tədbirin sonunda Rusiya Federasiyasının rəhbərliyinə, ATƏT-in Minsk Qupunun həmsədrləri olan dövlət başçılarına və beynəlxalq ictimaiyyətə müraciətlə bağlı qətnamə qəbul edilib. Qətnamədə Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımağa çağırış qeyd olunub: "Bu, bizim təkcə Xocalının günahsız qurbanlarının müqəddəs xatirəsi qarşısında deyil, həm də gələcək nəsillər qarşısında bu cür qanlı cinayətlərin təkrar olunmasına yol verməmək, ölkələrimizin çiçəklənməsi, xalqlarımızın təhlükəsizliyinin və dinc yaşayışının təmin olunması naminə ümumi borcumuzdur".