Quran kitabının Ukrayna dilinə izahlı tərcüməsi təqdim edilib

17.02.2021

Xarkovda fəaliyyət göstərən "Dostluq" Ukrayna-Azərbaycan Cəmiyyətinin nəzdindəki mədəniyyət və tədris mərkəzində müqəddəs Qurani-Kərim kitabının Ukrayna dilinə izahlı tərcüməsinin təqdimat mərasimi keçirilib
Tədbirdə "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin idarə heyətinin üzvləri, Xarkovdakı məscidin axundu, mədəniyyət və tədris mərkəzinin müəllim-şagird heyəti iştirak ediblər.
Mərasimdə çıxış edənlər bildiriblər ki, müsəlmanların müqəddəs kitabının yeni cəhətlərini açan mənaların tərcüməsinə təkcə şərqşünas alimlər deyil, həm də ukraynadilli oxucular maraq göstərirlər. Bu kitab "Dostluq" mərkəzinin yetirmələri üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki onların əksəriyyəti Xarkov məktəblərində Ukrayna dilində təhsil alırlar.
Qeyd edək ki, kitabın Ukrayna dilinə tərcüməsi ilahiyyatçı Namiq Babaxanovun rəhbərliyi ilə bir qrup alim və tərcüməçi tərəfindən həyata keçirilib.
Tədbir kitabların "Dostluq" mərkəzinə hədiyyə edilməsi ilə yekunlaşıb.