Stokholmda 20 Yanvar şəhidləri yad edilib

20.01.2021

İsveç-Azərbaycan Birliyinin (SAF) təşəbbüsü ilə Stokholm şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Pandemiya qaydaları çərçivəsində gerçəkləşdirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər 31 il öncə sovet rəhbərliyinin ədalət, azadlıq və müstəqillik tələb edən xalqımıza yaşatdığı dəhşətli gecədən və acı fəryadlardan danışıblar, 20 Yanvar faciəsini xalqımızın müstəqillik tarixinə qanla yazılmış qəhrəmanlıq səhifəsi adlandırıblar. Təəssüflə qeyd edilib ki, 31 il keçməsinə baxmayaraq, xalqımıza qarşı törədilmiş bu insanlığa zidd cinayətə beynəlxalq hüquq baxımından hələ də qiymət verilməyib və günahkarlar cəzalandırılmayıb.