Bişkek şəhərində 20 Yanvar şəhidləri yad edilib

20.01.2021

Qırğızıstan Azərbaycanlılarının AZƏRİ İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Bişkek şəhərində anım mərasimi keçirilib.

Qırğızıstan Xalqlar Məclisinin binasında baş tutan tədbirdə yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə AZƏRİ İctimai Birliyinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası Əzizağa Əliyev, Qırğızıstan Ali Məhkəməsinin keçmiş sədri Kurmanbek Osmonov və başqaları çıxış ediblər. Onlar SSRİ rəhbərliyinin Azərbaycana qarşı törətdiyi hərbi cinayəti pisləyərək xalqımıza Ümumxalq Hüzn Günündə başsağlığı diləyiblər. Azərbaycanın çətin mübarizə yolu keçərək, ərazi bütövlüyünü bərpa etməsindən məmnunluq duyduqlarını, Qırğızıstan–Azərbaycan dostluğunun daha da inkişaf edəcəyinə inamlarını ifadə ediblər.

Tədbir Qırğızıstanın Əməkdar artisti Amantay Akının ifasında, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbəyə həsr olunmuş, mahnılar ilə davam edib.