Niderland və Belçikadakı diaspor təşkilatları fəaliyyət perspektivlərini müzakirə edib

10.12.2020

Niderland və Belçika Krallıqlarında fəaliyyət göstərən diaspor təşkilatlarının videotoplantısı keçirilib. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə gerçəkləşdirilən tədbirdə diaspor qurumlarının rəhbərləri və üzvləri iştirak ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, toplantıda 44 günlük Vətən müharibəsinə qədər və müharibə günlərində diaspor təşkilatlarının apardığı mübarizə metodları müzakirə olunub. Vətənimizin bu tarixi dönəmində soydaşlarımızın göstərdikləri vətənpərvərlik, cəsarət və qətiyyət üçün hər kəsə təşəkkür edilib. Diaspor təşkilatlarının rəhbərləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər.

Postmüharibə dövründə ölkəmizin haqlı və ədalətli mövqeyinin cəmiyyətə düzgün çatdırılması və qəbul etdirilməsi üçün yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanın Niderlanddakı Dostları Cəmiyyətinin sədri Leyla Babayevanın irəli sürdüyü təklif və layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Soydaşlarımız arasında yaranmış birlik və həmrəyliyin qorunub saxlanmasının vacib olduğu vurğulanıb.