Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib

01.11.2020

İsveçrənin Sürix şəhərində azərbaycanlılar işğalçı Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz olaraq icazəli aksiya keçirib.

Aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü, Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və İdarə Heyəti üzvlərinin dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəfə alınması, yalnız son 1 ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə 91 mülki şəxsin, o cümlədən uşaqların qətlə yetirilməsi insanlıq əlehinə yönəlmiş müharibə cinayətidir.

Azərbaycanın Dövlət Himninin oxunduğu aksiyada erməni vandalizmini əks etirən bir sıra plakatlar nümayiş olunub, Gəncə və Bərdə terroru qurbanlarının xatirəsi yad edilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son qoyun!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar səsləndiriblər.