Kaliforniyada Gəncə terroruna etiraz edilib

26.10.2020

ABŞ-da yaşayan soydaşlarımız Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhəri və digər yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına, yaşayış evləri və mülki obyektlərin dağıdılmasına etiraz olaraq San-Fransiskoda Embarcadro Plazanın qarşısında aksiya keçiriblər.

Aksiya iştirakçıları cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutan Ermənistanın faşist siyasətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini, xüsusilə uşaqların öldürülməsinə cəlb etməyə çalışıblar.

Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir boyu ABŞ-da yaşayan azərbaycanlıların tikdiyi 27 metr uzunluğunda Azərbaycan bayrağı dalğalandırılıb.

Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyada yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak edib.

Azərbaycan, Türkiyə və ABŞ bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət Himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır”, “Biz terrora yox deyirik” və s. kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.