Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Vətənə dəstək

20.10.2020

Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar. Tədbirdən öncə Türkiyənin “İstiqlal marşı” və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında işğalçı Ermənistan ordusunun mülki insanları qəsdən hədəfə almasını cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib. Bununla yanaşı, o, beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin vacib olduğunu bildirərək qeyd edib: "Türkiyə dövlətinə və xalqına minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin sarsılmaz olacağını ifadə etmək istəyirik. Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər olaraq bütün dünyaya dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanında olduğumuzu bildiririk. Dövlətimizin siyasətini tam dəstəklədiyimizi, ehtiyac duyulduğunda cəbhəyə gedəcəyimizi və vətənimizi qorumaq naminə vəzifəmizi tərəddüdsüz yerinə yetirəcəyimizi bütün dünyaya bəyan etmək istəyirik. "

Çıxışlardan sonra tələbələr “Qarabağa dönürük”, “Qarabağ Azərbaycandır” “Erməni terroruna son”, “Eşq olsun Azərbaycan ordusuna” və s. şüarlar səsləndiriblər.