Hatay böyükşehir bələdiyyəsi Ermənistanın ölkəmizə hücumunu sərt şəkildə pisləyib

15.10.2020

Türkiyənin Hatay böyükşehir bələdiyyə məclisi Ermənistanın Azərbaycana hücumlarını pisləyən qərar qəbul edib.

Böyükşehir bələdiyyəsinin sədri Lütfi Savaş bələdiyyə məclisində çıxışı zamanı bildirib ki, beynəlxalq hüquq çərçivəsində özünümüdafiə və ərazi bütövlüyünü qorumaq hüquqlarını həyata keçirmək istəyən Azərbaycanın Qarabağdakı əməliyyatlarını dəstəkləyirlər. 30 ilə yaxındır Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu xatırladan bələdiyyə sədri qeyd edib ki, son hücumları Ermənistanın hansı məqsəd güddüyünü açıq-aşkar göstərir.

"Bütün Türkiyə və Hatay vilayəti azərbaycanlı qardaşlarımızın yanındadır. Sevincləri sevincimiz, kədərləri kədərimizdir. Millətimizin həmrəyliyini bir kərə daha güclü şəkildə vurğulayırıq" - deyə L.Savaş qeyd edib.