Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz aksiyası keçirib

15.10.2020

Vaşinqton şəhərində - Ağ evin qarşısında keçirilən aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini artilleriya atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib. Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər.

Aksiyada Azərbaycan Nyu-York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak edib.

Azərbaycan, Türkiyə, Pakistan və ABŞ bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət Himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın”, “Erməni işğalına son qoyun” və s. kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.