Qardabani şəhərində “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib

09.10.2020

Gürcüstanın Qardabani şəhərində “Qarabağ Azərbaycandır!” süarı ilə aksiya keçirilib.

Əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqlarını tutan aksiya iştirakçıları “Yaşa, yaşa Azərbaycan!”, “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər.

Qardabani şəhərinin mərkəzində davam edən aksiyada Gürcüstanın Azərbaycanlı Ağsaqqalları Şurası sədrinin müavini Mayak Nemətov, Qardabani rayon 3 saylı məktəbin müəllimi Firdövsi İsgəndərov, Eldar Qarayazılı və başqaları çıxış edərək erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışıb, Azərbaycan ordusunun əks-hücum əməliyyatlarını və qazandığı uğurları yüksək qiymətləndiriblər.

Gürcüstanda yaşayan soydaşlarımız tarixi vətənləri Azərbaycanın, onun prezidentinin və şanlı ordusunun yanında olduğunu, dəstəklədiklərini bildiriblər.

Aksiya çərçivəsində avtomobil karvanı ilə yürüş də təşkil olunub.

Üzərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları dalğalanan avtomobillər şəhərin küçələrindən keçərək Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər.