Los-Ancelesdəki soydaşlarımızın təhlükəsizliyinin təmin olunması tələb edilib

09.10.2020

Şimali Californiyada yaşayan Azərbaycan icması bu ərazi üzrə dairə prokuroruna və konqresmenə müraciət edib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) müraciətində bildirilib ki, azərbaycanlıların Los-Ancelesdəki etiraz aksiyasında baş verən erməni vəhşiliyindən və polisin cinayət işi qaldırmasından sonra 2020-ci il iyulun 24-də San-Fransiskodakı erməni məktəbində nifrət zəminində vandalizm aktının olduğu barədə xəbər alıblar. "Ermənilər yerli azərbaycanlıları məktəbin qarət olunmasında ittiham edirlər, hərçənd bütün sübutlar göstərir ki, bunu azərbaycanlı edə bilməzdi".

Qeyd edilib ki, körfəz ərazisində 1500 üzvü olan milli azlığın kiçik qrupu kimi soydaşlarımız institusional ayrı-seçkiliklə üzləşirlər. "Ad, soyadlarına və zahiri görkəmlərinə əsasən hər kəs potensial terrorist sayılır. Biz, ABŞ-da nifrət zəminində cinayətin və ayrı-seçkiliyin nə olduğunu bilirik və onun bütün formalarını qətiyyətlə pisləyirik".

22 iyul 2020-ci il tarixində Los-Anceledəki dinc nümayişdə soydaşlarımıza edilən zorakı hücumdan sonra böyük təzyiqlərə məruz qaldıqlarına, azərbaycanlıların, demək olar ki, hər gün elektron poçtlarına və telefonlarına "Biz bilirik siz harada yaşayırsınız. Siz səsinizi kəsməlisiniz" kimi təhdid dolu ismarıcların gəldiyinə diqqət cəlb edilib.

ACSNC bildirib ki, yeni seçilmiş San-Fransiskonun dairə prokurorunun və ofisinin heç bir manipulyasiyaya uğramadan nifrət zəminində bu iyrənc cinayətlərin müstəqil təhqiqatlarını aparacağına və günahkarları cəzalandıracağına ümid edir.

Bununla yanaşı, soydaşlarımız seçiciləri olduqları konqresmeni ədalətin tərəfində olmağa çağırıblar və Azərbaycan mənşəli amerikalıların təhlükəsizliyini müzakirə etmək üçün görüşün keçirilməsinin vacib olduğunu vurğulayıblar: "İnanmaq istəyirik ki, irqi məsələyə görə hədəfə çevrilməyəcəyik. Bizim səsimizə səs verin və Kaliforniyada azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədildiyini etiraf edin".