Azərbaycanlı icması Ermənistanın təxribatları ilə bağlı İslandiya hökumətinə müraciət edilib

09.10.2020

İslandiyada yaşayan azərbaycanlı icması Ermənistanın Azərbaycana qarşı bütün cəbhə boyu genişmiqyaslı hücumu ilə əlaqədar ölkə hakimiyyətinə müraciət edib.

İslandiya Azərbaycan Cəmiyyətinin sədri Zakir Con Qasanovun imzası ilə İslandiyanın prezidenti Qvyudni Youhannessona, parlament üzvlərinə və media qurumlarına ünvanlanan bəyanatda bildirilib ki, Ermənistanın son təxribatına əks-hücumla cavab verməyə məcbur olan Azərbaycan ordusu bununla xalqımızın özünümüdafiə və ərazibütövlüyü hüququnu təmin etməyə çalışır. Silahlı qüvvələrimiz torpaqlarımızı azad etməyə başlayandan isə Ermənistanın ərazisindən Azərbaycanın cəbhə zonasından uzaqda olan şəhər və rayonları raket zərbələrinə məruz qalır, mülki vətəndaşlar və obyektlər hədəfə alınır.

Soydaşlarımız İslandiya Prezidentini və parlament üzvlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsindəki ərazilərini işğalçılardan azad etmək uğrunda haqlı və ədalətli mövqeyini dəstəkləməyə, beynəlxalq hüquq normalarına əsasən Ermənistanın işğal etdiyi əraziləri dərhal tərk etməsini tələb etməyə çağırıb.