Gürcüstandakı baş redaktor rəsmi Tbilisiyə və dünya birliyinə müraciət edib

02.10.2020

Gürcüstanda fəaliyyət göstərən "Maarif" hüquqi, elmi-metodiki maarifləndirmə mərkəzi” İttifaqının sədri, eyniadlı qəzet-jurnalın baş redaktoru Ələddin Qarabağlı bu ölkənin Prezidentinə, Baş nazirinə, parlament sədrinə, müxtəlif ölkələrin səfirliklərinə və beynəlxalq qurumlara məktubla müraciət edib.

Gürcüstan azərbaycanlılarının adından müraciət etdiyini vurğulayan baş redaktor 30 il öncə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyini, həmin ərazilərdə etnik təmizləmə apardığını, indiyə qədər BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmədiyini, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan təxribatçı hərəkətlərini davam etdirməklə regionda daha da təhlükəli vəziyyət yaratdığını bildirib.

Baş redaktor Gürcüstan dövlətini və dünya birliyini Azərbaycanın ədalətli və haqlı mövqeyini müdafiə etməyə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün qəsbkar Ermənistana təsir göstərməyə, BMT-nin 4 qətnaməsinin beynəlxalq hüquq və normalar çərçivəsində yerinə yetirilməsini təmin etməyə çağırıb.