Sosial şəbəkələrdə Azərbaycan dövlətinə dəstək paylaşımları artmaqda davam edir

29.09.2020

27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutması, mülki vətəndaşların və hərbçilərin həlak olması soydaşlarımız tərəfindən hiddətlə qarşılanır. Eyni zamanda, erməni təxribatlarına Azərbaycan ordusu tərəfindən layiqli cavab verilməsini ruh yüksəkliyi ilə qeyd edən soydaşlarımız, eləcə də dost xalqların nümayəndələri sosial şəbəkə üzərindən həqiqətləri dünyaya bəyan edirlər.

#KarabakhisAzerbaijan, #Azerbaijan həştəqləri, Azərbaycan və Türkiyənin Dövlət bayrağı, ermənilərin təxribatlarından görüntülər ilə müxtəlif yazılar paylaşan insanlar Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini ifadə edir.

Twitter, Facebook sosial şəbəkələrində paylaşımlar etməklə Azərbaycana öz dəstəyini göstərənlər arasında məşhir müğənni, xalq artisti Emin Ağalarov, tanınmış müğənni və bəstəkar Samu Yusuf, Kanada, Çİn, Türkiyə və müxtəlif ölkələrdə yaşayan həmyerlilərimiz, məşhur türk jurnalisti Ersin Çelik və digərləri vardır.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın təxribatlarının davam etdiyi bir zamanda bütün soydaşlarımızı və haqq-ədalətin tərəfində olan hər kəsi həqiqətlərin dünya ictimaiy-yətinə çatdırılmasına dəstək verməyə, Azərbaycan dövlətinin yanında olmağa çağırır, bu işdə göstərdikləri mənəvi dəstəyə görə hər bir kəsə minnətdarlığımızı bildiririk.